Xudayar Yusifzadə kimdir?
Xudayar Müslüm oğlu Yusifzadə – Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Kiçik giziri, Vətən müharibəsinin şəhidi.
Həyatı
Şəhid Xudayar Yusifzadə Bərdədə 15 iyul 1998-ci ildə anadan olub. Atası Müslüm Yusifoğlu Bərdənin tanınmış qarmon ustası olub. Anası Rada Yusifzadə isə evdar xanımdır. Ailədə 4 – 3 qardaş və 1 bacı olublar. Xudayarın doğumundan 24 gün sonra atası Müslüm Yusifoğlu vəfat edib.
X. Yusidzadə 2004-2015-ci illər ərzində Bərdədə Bülbül adına 1 saylı Uşaq İncəsənət Məktəbində xanəndəlik üzrə təhsil alıb.
Hərbi xidməti
Xudayar Yusifzadə Dövlət Təhlühəsizliyi Xidmətinin “N” saylı hərbi hissəsində 2016-2018-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub. Daha sonra isə o, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət etdi və “gizir” hərbi rütbəsi əldə etdi.
2020-ci ildə Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra isə öz istəyi ilə Bərdə Rayon Hərbi Komissarlığına müraciət edib.
Şəhid Xudayar 27 sentyabr 2020-ci il tarixində Azərbaycan Ordusu tərəfindən Ermənistan işğalında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı əvvəlcə Füzulidə sərhəd məntəqəsində xidmət edib, daha sonra da Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərə qoşulub. Xudayar Yusifzadə oktyabrın 22-də Zəngilan döyüşləri zamanı Ağbənd istiqamətində şəhid olub. Bərdə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Təltifləri
Torpaqlarımızın bütövlüyünün təmin edilməsi uğrunda gedən döyüş əməliyyatlarına qoşulan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xudayar Yusifzadə ölümündən sonra “Vətən uğrunda” medalı və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edildi.
Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda savaşaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Xudayar Yusifzadə ölümündən sonra “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif edildi.
Xudayar Yusifzadə – Vətən yaxşıdır
Xudayar Yusifzadə ölümündən iki gün öncə Əliağa Vahidin “Vətən yaxşıdır” şeirini cəbhə yoldaşları ilə ifa edib və bunu telefon vasitəsilə qeydə alıb. Həmin video qısa müddətdə sosial şəbəkələrdə trendə çevrilib. Onun şəhid olmasından sonra isə həmin video daha geniş vüsət aldı.