Sahil Babayev kimdir?
Sahil Coşqun oğlu Babayev – Vətən müharibəsi şəhidi, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.
Ərazi bütövlüyümüzün təmini üçün gedən döyüşlərə qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün prezident İlham Əliyevin 15.12.2020-ci il tarixində imzaladığı sərəncamla ölümündən sonra şəhid Sahil Babayev “Vətən uğrunda” medalı ilə təltif edilib.
Suqovuşan qəsəbəsinin erməni işğalından azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edərək igidlik göstərdiyinə görə ölkə başçısı İlham Əliyevin 29.12.2020-ci il tarixli sərəncamına əsasən Sahil Babayev ölümündən sonra “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.
Həyatı
Sahil Babayev 5 iyun 2002-ci ildə Şabran rayonunun Ceyranlı kəndində anadan olub. 9 il Ceyranlı kəndində təhsil aldıqdan sonra Şabrandakı 2 saylı tam orta məktəb-liseyə daxil olub. Məktəbi bitirdikdən sonra isə 2019-cu ildə Bakı Turizm Kollecinə daxil olub.
Hərbi xidməti
O, təhsilini başa vurmadan 2020-ci ildə 7 iyulda həqiqi hərbi xidmətə yollanıb. Sahil Babayev 2020-ci il 27 sentyabrdan Silahlı Qüvvələrimiz tərəfindən Ermənistanın işğalı altında olan ərazilərimizin azad edilməsi üçün başlayan Vətən müharibəsində iştirak edib. Ordumuzun əsgəri Sahil Babayev 20 oktyabr 2020-ci ildə ərazi bütövlüyümüzün uğrunda gedən döyüşlərdə şəhid olub və şəhidin nəşi 21 oktyabr tarixində anadan olduğu kəndində dəfn edilib.