Sahil Babayev erməni təxribatlarından danışıb

Sosial müdafie naziri Sahil Babayev erməni təxribatları barədə İran İslam Respublikasının ölkəmizdəki səfiri Seyid Abbas Musəvi ilə keçirdiyi görüşdə danışıb.

Nazir səfirlə görüş zamanı vurğulayıb ki, ölkəmizin İranla həmsərhəd bölgəsinin, xüsusilə Azərbaycanla İranı birləşdirən Xudafərin körpüsünün işğaldan azad edilməsi hər iki ölkənin əlaqələrinin, həm də ümumi regionun inkişafı üçün təkan olacaq.

Sahil Babayev erməni işğalçılarının torpaqlarımızı otuz ilə yaxındır ki, işğalda saxladığını və Azərbaycana qarşı mütəmadi təxribatlar törətdiyini görüş zamanı səfirin diqqətinə çatdırıb. Cəbhədən kənar ərazidə yerləşmiş şəhər və qəsəbələrin, sakinlərin erməni tərəfindən hücuma məruz qaldığını və nəticə etibarilə mülki sakinlərin həlak olduğu və xəsarət aldığını, infrastruktura xeyli sayda ciddi ziyan dəydiyini ifadə edib.

Ordumuzun dünya birliyi tərəfindən tanınmış ərazilərimizdə apardığı əks-hücum əməliyyatlarının hüquq və ədalətə söykənən haqq savaşı olduğunu dilə gətirən nazir S.Babayev Silahlı Qüvvələrimizin qazandığı uğurlardan da bəhs edib. O, eyni zamanda vurğulayıb ki, 2016-cı ilin fevral ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İrana səfəri zamanı iki ölkə hökumətləri arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovuşanlarının, su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq barədə saziş imzalanıb. Xudafərin körpüsünün və eyni zamanda ətraf ərazilərin işğaldan azad edilməsi bu sazişin bölgənin su və enerji təchizatında müstəsna rol oynamasına imkan verəcək.

Görüş əsnasında tarixi, mədəni və dini bağlılıqların hər iki ölkənin xalqaları arasındakı əlaqələrin əsasını təşkil etdiyi və hər iki dövlət başçılarının görüşlərinin, rəsmi səfərlərin əlaqələrin inkişafında mühüm rol oynadığı söylənilib. Ölkəmizdə aparılan uğurlu sosial islahatlar, koronavirus infeksiyasına qarşı mübarizə sahəsində görülən işlər, pandemiya zamanı görülən sosial və iqtisadi tədbirlər barədə Seyid Abbas Musəviyə məlumat verilib.

Səfir Seyid Abbas Musəvi Azərbaycanla İranın qədim köklərə dayanan əlaqələrinin daim inkişaf etdiyini söyləyib, İranın ölkəmizin ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb.

Bir cavab yazın

Back to top button