Kimlərin maaşı artacaq? – Nazir Sahil Babayev açıqladı
Nazir Sahil Babayev maaşların artımı ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiya iclasında açıqlama verib.
Onun dediyinə əsasən, əmək müqaviləsi ilə çalışanların böyük qisminin əməkhaqları artırılacaq.
Ölkə başçısının imzaladığı “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncama uyğun olaraq 2022-ci ilin dövlət büdcəsinin layihəsində sosial ödənişlərin artırılması ilə bağlı islahatlar nəzərə alınıb.
Nazir Sahil Babayevin sözlərinə görə, əmək müqaviləsi ilə çalışanların böyük qisminin əməkhaqları artırılacaq və bu islahat 1 milyonadək işçini əhatə edəcək: “Həmçinin minumum əməkhaqqında artım olacaq. Ümumilikdə, 2022-ci ilin əvvəlindən 2 milyondan çox insanı əhatə edən pensiya, müavinət, təqaüd, əməkhaqqı, sosial yardım formasında sosial ödənişlərdə artımlar olacaq”.
Sosial müdafiə naziri Sahil Babayev onu da əlavə edib ki, 2022-ci ildə minimum pensiyaların artımı ilə yanaşı, pensiyaların indeksləşdirmə əsasında artırılması da nəzərdə tutulur.
Nazir ümumən pensiya islahatlarında məqsəd dövlət pensiya sisteminin davamlılığının qorunması ilə yanaşı, bu sistemdə yeni humanist yanaşmaların tətbiqi, pensiya təminatına əlçatanlığın artırılması olduğunu nitqinə əlavə edib. Son illərdə bu istiqamətdə mühüm addımlar atılıb, qarşıdakı dövrdə də davam edəcək.