Sahil Babayev Beynəlxalq Əmək Konfransında BƏT ilə əməkdaşlığı gücləndirib
Cenevrədə keçirilən Beynəlxalq Əmək Konfransının 112-ci sessiyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Beynəlxalq Əmək Təşkilatının (BƏT) baş direktoru Jilbert Hunqbo ilə görüşüb.
Sahil Babayev vurğulayıb ki, Azərbaycan BƏT-in 10 əsas konvensiyasından 9-nu ratifikasiya edib və ümumilikdə BƏT-in 60-a yaxın konvensiyasına qoşulub. O, daha iki müqavilənin təsdiq edildiyini və daha bir sənədin təsdiqinin mümkünlüyünün qiymətləndirildiyini bildirib.
Babayev Azərbaycanda aparılan sosial islahatlar barədə də məlumat verib. O, işğaldan azad edilmiş torpaqlarda genişmiqyaslı bərpa və yenidənqurma işlərinin aparıldığı, Böyük Qayıdış Proqramı çərçivəsində Vətənə qayıdan insanların aktiv məşğulluq proqramlarına diqqət çəkib.
Jilbert Hunqbo Azərbaycanın BƏT ilə fəal əməkdaşlığın daim genişləndirilməsi təşəbbüslərini yüksək qiymətləndirib, ölkəmizdə sosial sahədə aparılan islahatların təqdirəlayiq olduğunu bildirib.
Sessiya çərçivəsində BƏT-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Beate Andrees ilə də görüş keçirilib. Hazırlanmış yeni Ölkə Proqramı layihəsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Hər iki görüşdə Azərbaycan ilə BƏT arasında gələcək əməkdaşlıq məsələləri müzakirə olunub. Sahil Babayev Azərbaycanın beynəlxalq aləmdə fəal əməkdaşlığının, sosial islahatlarda əldə etdiyi nailiyyətlərin ölkədə sosial müdafiə və məşğulluq siyasətinin inkişafına töhfə verdiyini vurğulayıb.