Sahil Babayev erməni terror hücumları barədə məlumat verib
Sahil Babayev erməni terror hücumlarına dair MDB Məşvərət Şurasının iclasında məlumat verib.
Nazir Sahil Babayev erməni işğalçılığı nəticəsində ölkəmizə qarşı hərbi təxribatları, yerli sakinlərə qarşı raket və artilleriya hücumları haqqında bu gün videokonfrans formatında keçirilən MDB üzv dövlətlərinin əmək, məşğulluq və sosial müdafiə üzrə Məşvərət Şurasının XXXIII iclasında danışıb.
İclasda Sahil Babayevlə yanaşı bir sıra ölkələrin – Belarus, Qazaxıstan, Moldova, Özbəkistan, Tacikistan, Türkmənistanın nazir və nazir müavinləri, əmək, məşğulluq, sosial müdafiə üzrə qurumlarının əməkdaşları və MDB İcraiyyə Komitəsi, Parlamentlərarası Assambleyası, Ümumhəmkarlar İttifaqları komitəsinin məsul şəxsləri iştirak edib.
İclas MDB İcraiyyə Komitəsinin sədr müavini Aqıbəy Smaqulovun giriş nitqi ilə açılıb. Sonra isə Sahil Babayev erməni təcavüzkarlığından iclas iştirakçılarına bəhs edib. O, bildirib ki, 30 ildir ki, BMT-nin qətnamələrinə önəm vermədən torpaqlarımızın 20 faizini işğalda saxlayan işğalçı Ermənistan sentyabr ayının 27-də Azərbaycana qarşı yenidən hərbi təxribata əl atıb. Hərbi birləşmələrimizin mövqeləri, eyni zamanda cəbhədən də aralı, heç bir hərbi obyektin olmadığı yaşayış yerləri də Ermənistan ordusu tərəfindən ağır artilleriya atəşinə və raket hücumlarına məruz qalıb.
Sosial müdafiə naziri bunu da diqqətə çatdırıb ki, Ermənistan tərəfi bütün beynəlxalq normaları heçə sayaraq mülki insanlarımızı hədəfə alıb. 4, 11 və 17 oktyabr tarixlərinə təcavüzkar erməni hücumları nəticəsində Gəncədə138 nəfər ağır yaralanıb. 10 qadın, 6 uşaq olmaqla isə 26 nəfər həlak olub. Hələ də Ermənistan tərəfindən cəbhədən aralı rayonlarımıza ağır artilleriya atəşləri, raket hücumları davam edir.
“MDB üzvü olan dövlətləri Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləməyə, Ermənistanın Azərbaycanın yaşayış məntəqələrinə, mülki əhalisinə qarşı beynəlxalq humanitar prisniplərə zidd vəhşi terror hücumlarını pisləməyə çağırırıq” deyə söyləyən nazir Sahil Babayev onu da deyib ki, bir milyondan artıq sakinlərimizin məcburi köçkün olmasına səbəb olan erməni işğalı nəticəsində yaranan bu münaqişə ümumi olaraq bölgədə sosial inkişaf imkanlarını də qısıtlayır. Bu münaqişə yalnız BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun ölkəmizin ərazi bütövlüyü və suverenliyi əsasında öz həllini tapmalıdır.