Sahil Babayev Monteneqro-Azərbaycan biznes forumunda iştirak edib
Monteneqronun paytaxtı Podqoritsa şəhərində iki ölkə hökumətləri arasında Monteneqro-Azərbaycan biznes forumu və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib.
Hər iki tədbirdə iştirak etmək üçün Azərbaycandan Komissiyanın həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti Monteneqroda səfərdə olub. Nümayəndə heyəti Azərbaycanın dahi şairi və dramaturqu Hüseyn Cavidin Podqoritsa şəhərindəki “Kral parkı”ndakı büstünü ziyarət edib, önünə gül dəstələri düzüblər.
S.Babayev və Monteneqro Birgə Komissiyasının həmsədri, Monteneqro Baş nazirinin iqtisadi siyasət üzrə müavini və iqtisadi inkişaf naziri Nik Qjelosay komissiyanın üçüncü iclası çərçivəsində keçirilən Monteneqro-Azərbaycan biznes forumunun açılış mərasimində iştirak ediblər.
Tədbirdə çıxış edən S.Babayev Azərbaycan ilə Monteneqro arasında əlaqələrin daim dostluq və əməkdaşlıq ruhunda inkişaf etdiyini və əlaqələrimizin gələcək inkişafı üçün yüksək səviyyəli qarşılıqlı səfərlərin və davamlı siyasi dialoqun əhəmiyyətini qeyd etmişdir. Açıqlamada iki ölkənin ticarət dövriyyəsinin də artdığı və bu artımın ötən il 54,32 faiz olduğu vurğulanıb.
Ölkələrimizin işgüzar dairələri arasında əlaqələrin qurulması və inkişafında belə biznes forumların əhəmiyyəti vurğulanıb. Bildirilib ki, artıq Bakıda və Podqoritsada 4 biznes forum və işgüzar görüş keçirilib.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) və Monteneqro İqtisadiyyat Palatasının birgə təşkilatçılığı ilə bu gün keçirilən biznes forumda Azərbaycandan 10-a qədər, Monteneqrodan isə 5 şirkət iştirak edir.
N.Qjeloşaj çıxış edərək ölkəsi ilə Azərbaycan arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini və bu istiqamətdə əzmkar işlərin aparıldığını bildirib və budəfəki biznes forumun müsbət nəticələr verəcəyinə əminliyini ifadə edib.
Birgə Komissiyanın iclasında Komissiyanın həmsədrləri ölkələrimiz arasında yüksək səviyyəli əlaqələrin mövcud olduğunu vurğulayaraq, əlaqələrimizin dərinləşməsi üçün qarşılıqlı səyləri uğurla davam etdirmək barədə razılığa gəldiklərini bildiriblər.
Görüşdə Azərbaycan ilə Monteneqro arasında əməkdaşlığın gələcək istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb və ticarət dövriyyəsinin daha da artırılması üçün böyük potensialın olduğu bildirilib.
İki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın gələcək perspektivləri, enerji, nəqliyyat, investisiyaların qarşılıqlı təşviqi, turizm, kənd təsərrüfatı, əmək və sosial müdafiə, mədəniyyət, təhsil və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib. prioritet sektorlarda qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən bərpa olunan enerji və s. sahədə təcrübə mübadiləsi imkanları müzakirə olunub.
Daha sonra S.Babayev və N.Qjeloşaj Birgə Komissiyanın 3-cü iclasının yekunlarına dair Protokolu imzaladılar. Sənəddə əməkdaşlığın gələcək istiqamətləri öz əksini tapıb.