Sahil Babayev: “Ötən dövrdə 850 minədək vətəndaş DOST xidmətlərindən istifadə edib”
Nazir Sahil Babayev: Ötən dövrdə 850 minədək vətəndaş DOST xidmətlərindən faydalanıb. Bu xidmətlərdən istifadə edən vətəndaşların məmnunluq səviyyəsi 98 faizdən artıqdır”.
Bu haqda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev söyləyib.
Nazir Sahil Babayev çıxışı zamanı sözlərinə əlavə edib ki, Dövlət Sosial Müdafiə Fondunda icra olunan, fondun fəaliyyətinin “inzibati yanaşma” modelindən “vətəndaşlara xidmət” modelinə keçməsi, vətəndaşlar üçün daha rahat xidmətlərin göstərilməsi, xidmətlərin rəqəmsal və proaktiv təqdim olunmasını təmin edən islahatlar da eyni zamanda beynəlxalq səviyyədə yüksək dəyərləndirilir.
O, həmçinin DSMF-nin cari il ərzində Böyük Britaniyanın “iESE – The Public Sector Transformation” Təşkilatının təşkil etdiyi “Dövlət sektorunda transformasiyaya görə beynəlxalq mükafat” müsabiqəsinə qoşulduğunu və “2022-ci ilin Beynəlxalq Dövlət Qurumu” ali mükafatına layiq görüldüyünü söyləyib. Bununla yanaşı fond sosial təminat və innovasiyalar sahəsində səmərəli fəaliyyəti, dayanıqlı inkişaf sahəsində tətbiq etdiyiqabaqcıl metod və həll yollarına görə Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının mükafatını da qazanıb.
Bu günlərdə isə Dövlət Sosial Müdafiə Fondu Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının daha bir müsabiqəsində qalib gəlib və “Ən yaxşı mütərəqqi təcrübə” mükafatı ilə təltif edilib.