Sahil Babayev Macarıstanda təhsil alan tələbələrimizlə görüşüb

Macarıstanda səfərdə olan əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycan və Macarıstan Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan tərəfindən həmsədri Sahil Babayev səfər çərçivəsində Macarıstanda təhsil alan azərbaycanlı tələbələrlə görüşüb.

Budapeşt şəhərindəki Azərbaycan Evində keçirilən görüşdə nazir Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, gənclərimizin ölkəmizin inkişafı proseslərində fəal iştirakını qeyd edib.

S.Babayev Azərbaycan vətəndaşlarının dövlәt xәtti ilә xarici ölkәlәrin ali tәhsil müәssisәlәrindә təhsil almalarına şərait yaradılması üçün görülən işləri diqqətə çatdırıb.

Azərbaycanla Macarıstan arasında əlaqələrin strateji tərəfdaşlıq əsasında daim genişləndiyi, təhsil sahəsində də əməkdaşlığın inkişaf etdiyi, hazırda Macarıstanda 1000-dən çox Azərbaycan vətəndaşının təhsil aldığı qeyd edilib.

Gənclərin əmək bazarına və kiçik biznesə çıxışının dəstəklənməsi, əmək bacarıqlarının artırılması üçün ölkəmizdə həyata keçirilən aktiv məşğulluq proqramlarından bəhs olunub.

Xarici ölkələrdə təhsilini yüksək səviyyədə başa vuraraq Azərbaycana geri dönən kadrların da ölkəmizdə uğurlu sosial-iqtisadi islahatlar prosesində iştirakının təmin edilməsi sahədə aparılan işlər qeyd olunub.

Görüşdə S.Babayev tələbələri maraqlandıran sualları cavablandırıb.

Bir cavab yazın

Back to top button